Bilik Fondu (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.
2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub.
== Tarixi ==
Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.
== Vəzifələri ==
Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;
Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;
azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;
şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirmək;
gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;
sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;
Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;
Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;
Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.